Bədii gimnastika: Millimiz Paris-2024-ün finalında!

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransada təşkil edilmiş Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Arena.az xəbər verir ki, planetin ən güclülərinin mübarizəsində 14 ölkənin təmsilçiləri titul uğrunda yarışa qoşulublar.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib. Yığmamız ilk cəhdində 33,850 xala layiq görülüb.

Komandamız daha sonra üç lent və iki topla bacarığını göstərib. Gimnastlarımız bu dəfə hakimlərdən 28,150 xal alıblar.

Təsnifat mərhələsinin yekun nəticələrinə əsasən ilk səkkizlikdə yer alan komandalar həlledici mərhələyə vəsiqə əldə ediblər. Azərbaycan təmsilçiləri hakimlərdən topladıqları 62,000 xalla siyahıda 8-ci sırada qərarlaşıblar. Onlar bu nəticəni 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışlarının hesab cəminə əsasən, yəni çoxnövçülük üzrə əldə ediblər.

Dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu olan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamızın rəqibləri arasında 6 qat dünya çempionu və Olimpiya Oyunlarının bürünc medalçısı İtaliya, dünya çempionları Bolqarıstan (3 qat), Çin, İsrail (2 qat) komandaları yer alıb.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının final mübarizəsi sabah baş tutacaq. Həlledici mərhələ Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal qazanıb.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.