Bamo Meyte Marsel “Olimpik”ində

Fransanın “Loryan” klubunun mərkəz müdafiəçiis Bamo Meyte bundan sonra Liqa 1-in digər təmsilçisi Marsel “Olimpi”ində çıxış edəcək.

Arena.az xəbər verir ki, Marsel klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Bamo Meyte “Laval”ın yetirməsidir. Fil Dişi Sahilindən olan 21 yaşlı futbolçu 2021-ci ildən “Loryan”da çıxış edirdi.

“Olimpik” bu transferin tərkib hissəsi kimi öz mərkəz müdafiəçisi İsaak Tureni də “Loryan”a verib. 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Havr”ın yetirməsi olan İsaak Marsel “Olimpik”ində olarkən “Oser”ə icarəyə də verilib. Əslən Fil Dişi Sahilindən olan Ture Fransanın U-17 və U-19 yığmalarında oynayıb.

“Loryan” “Renn”in qapıçısı Alfred Qomisi də heyətinə qatıb. 30 yaşlı seneqallı qolkiper bir mövsümlük icarəyə götürülüb. Seneqal yığmasında 13 oyun keçirmiş Qomis “Krotone”, “Avellino”, “Çezena”, “Salernitana”, SPAL, “Dijon” kimi klubların da şərəfini qoruyub.

“Loryan”da dörd futbolçu da komandanı tərk edib. 21 yaşlı fransız müdafiəçi Adil Auşiş İngiltərənin “Sanderlend” klubuna keçib. O, yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Fransa klubunun bu satışdan qazancı açıqlanmır. PSJ-nin yetirməsi olan Auşiş “Loryan”dan öncə “Sent-Etyen”də də çıxış edib, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

22 yaşlı seneqallı hücumçu Sambu Sumano “Keviyi Ruan”a, Fil Dişi Sahilindən olan 24 yaşlı sağ cinah vingeri Stefan Diarra “Sent-Etyen”ə, 21 yaşlı fransız sol cinah vingeri Yoann Katlin isə “Almere Siti”yə icarəyə verilib. Onların bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: