“Barselona”nın vitse-prezidenti Eduard Romeu argentinalı superulduz Lionel Messinin kluba mümkün qayıdışı haqda xəbərləri cavablayıb.
Arena.az “Barca Universal” dərgisinə istinadən Romeunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Messinin qayıdışı? Uyğun şərait olanda biz onu şərafətləndirmək istəyirik. O, buna layiqdir və biz fikrimizdə tutduğumuzu həyata keçirməyi səbirsizliklə gözləyirik. Qalan hər şey sadəcə fərziyyələrdir, biz bu barədə danışmayacağıq”, deyə Romeu Messinin mümkün qayıdışı haqda xəyal edən azarkeşləri məyus edib.
Xatırladaq ki, Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb. Son vaxtlar yüngül zədədən əziyyət çəkən Messi ötən həftə nəhayət yaşıl meydanlara qayıtsa da, komandasının həlledici oyunda uğursuzluq yaşayıb. Belə ki, MLS müntəzəm çempionatı çərçivəsində “Sinsinnati”ni qəbul etmiş “İnter Mayami” argentinalı superulduzun cəhdlərinə rəğmən, rəqibə minimal hesabla məğlub olaraq (0:1) pley-off imkanlarını itirib.
Peşəkar futbola “Barselona”da başlamış, 2021-ci ilin yayına kimi bu klubun formasını geyinmiş Messi, Kataloniya təmsilçisində 778 oyun keçirib. O, bu görüşlərdə 672 qola imza atıb, 303 assist edib. Leo İspaniya nəhəngi ilə çoxsaylı titullar qazanıb, rekordlara imza atıb. “Barsa” Messini hələ bu yay PSJ-dən ayrılarkən heyətinə qaytarmağa çalışsa da, ciddi maliyyə problemlərinə görə bu istəyinə çata bilməmişdi.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


