Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” oyunundan öncə keçiriləcək mətbuat konfransı və açıq məşqçin vaxtı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-da, saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Komandanın açıq məşqi isə saat 17:30-da “Azərsun Arena”da keçiriləcək.
Almaniya klubunun isə Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək. Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq. Sözügedən komanda mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.
Yeri gəlmişkən, Ağdam klubu bu oyunun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb. Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
“Qarabağ” – “Bayer” oyunu martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.


