Almaniyanın “Bayer” komandasının ispan baş məşqçisi Xabi Alonso Bundesliqa təmsilçisi ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
İspan mütəxəssislə yeni müqavilə 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Xabi Alonsonun “Bayer”lə əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayına qədər hesablanmışdı.
Xabi Alonso 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Onun rəhbərliyi altında ötən mövsüm “əczaçılar” Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar. Alonso Leverkuzen təmsilçisini bütövlükdə 37 oyuna çıxarıb. Komandası isə bu oyunlarda 17 qələbə qazanıb, 10 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.
“Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər mütəxəssis “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real Madrid” və “Bayern”də çıxış edib.



