“Bayer” Xabi Alonsonu baş məşqçi təyin etdi

Almaniyanın “Bayer” komandasının baş məşqçi postunda dəyişiklik edilib. Arena.az xəbər verir ki, Leverkusen klubu Xerardo Seoane ilə yollarını ayırıb.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsveçrəli mütəxəssisi bundan sonra Xabi Alonsonun əvəz edəcəyi diqqətə çatdırılıb. İspaniyadan olan 40 yaşlı məşqçi ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalandığı diqqətə çatdırılıb.

Bu, Xabo Alonsonun baş məşqçi kimi ilk ciddi sınağı olacaq. Məsələ burasındadır ki, ispaniyalı sabiq futbolçu 2017-ci ildə karyerasını bitirdikdən sonra “Real Sosyedad”ın U-14 komandasını çalışdırmağa başlamış, daha sonra bu klubun əvəzedicilərinə rəhbərlik etmişdi.

Xabi Alonso, 2005-ci ildə “Liverpul”la, 2014-cü ildə isə “Real”la UEFA Çempionlar Liqasının qalibi olub. O, 2015-2017-ci illər aralığında “Bayern”də də oynayıb, üç dəfə Almaniya çempionu olub. Sabiq yarımmüdafiəçi 2008 və 2012-ci illərdə İspaniya millisinin heyətində Avropa çempionu, 2010-cu ildə isə dünya çempionu olub. “Real Sosyedad”ın yetirməsi olan Alonso, qısa müddət “Eybar”da da forma geyinib. O, İspaniya millisində 114 oyuna 16 qol vurub.

Xerardo Seoane isə 2021-ci ilin iyul ayından “Bayer”ə rəhbərlik edirdi. 43 yaşlı mütəxəssis bu komandanı 56 oyuna çıxarıb. Leverkuzen təmsilçisi bu oyunlarda 26 qələbə qazanıb, 10 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. Onun istefasına komandanın cari mövsümə çox uğursuz başlaması səbəb olub. Belə ki, “Bayer” bu mövsüm Bundesliqa çərçivəsində meydana çıxdığı 8 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 18 kollektiv arasında 17-ci sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: