“Bayer”də Florian Virts şoku

“Bayer”in 21 yaşlı alman hücumameylli yarımmüdafiəçisi Florian Virts zədələnib və bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə “Bayer”in mətbuat xidmətinə istinadən məlumat verir:

“Florian Virtsə bir müddət meydandan kənarda qalmaq gərək olacaq. Rudan düşmə, daha güclü qayıt, Flo!”, – “əczaçılar” klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıblar.

Virtsin zədəsinin növü, şiddət dərəcəsi və futbolçunun bərpa müddəti haqda müvafiq xüsuslar açıqlanmayıb. Məlum olan əsas məqam isə gənc futbolçunun “Bayer”nlə Çempionlar Liqasının Leverkuzendə keçiriləcək cavab oyununda iştirak edə bilməyəcəyidir. Xatırladaq ki, ilk oyunda “əczaçılar” səfərdə 0:3 hesablı məğlubiyytə üzülüblər.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 191 oyun, 56 qol, 63 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: