Almaniyanın “Bayern” klubu yarımmüdafiəçisi Kinqsli Komanla müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
25 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Fransalı oyunçunun əvvəlki müqaviləsinin müddəti isə 2023-cü ildə başa çatmalı idi.
Kinqsli Koman 2015-ci ildən “Bayern”də çıxış edir. Həmin vaxt o, İtaliyanın “Yuventus” klubundan icarə əsasında Münhen təmsilçisinə gəlmişdi. Lakin uğurlu çıxışı Almaniya klubunu futbolçunun transfer hüquqlarını da almasına təkan verir. Bu üzdən münhenlilər 7 milyonluq icarə haqqından əlavə, daha 21 milyon avro ödəməklə Komanı birdəfəlik alırlar. Kinqsli sonuncu dəfə 2017-ci ilin dekabrında klubla müddəti 2023-cü ilin yayına qədər olan müqaviləyə imza atmışdı.
Koman indiyə qədər “Bayern”də 217 matça çıxıb, 35 qola imza atıb. Fransa yığmasında 36 oyunda 5 qol vurmuş futbolçu, əvvəllər “Yuventus”la yanaşı, yetirməsi olduğu PSJ-nin də formasını geyinib.


