“Bayern” komandanın alman qapıçıları Manuel Noyer və Sven Ulrayxla razılıq əldə edərək, oyunçuları ilə müqavilə müddətini uzadıb.
Arena.az bu barədə “Bayern”in rəsmi saytına istinadən məlumat verir:
“Uzun illərdir ki, 37 yaşlı kapitan Noyer və 35 yaşlı Ulrayx “Bayern”in etibarlı köməkçiləri olublar və elə də qalacaqlar. Klub hər birinin müqaviləsini 1 il müddətinə, 2025-ci il iyunun 30-dək uzadıb”.
Manuel Noyer “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Cari mövsümdə Noyer münhenlilərin heyətində 6 oyun keçirib, 5 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib. Ümumilikdə Noyer “Bayern”in heyətində 494 oyuna çıxıb, 389 qol buraxıb, 236 oyunda qapısının toxunulmazlığını təmin edib. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.
“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
Sven Ulrayxa gəlincə, qapıçı “Bayern”ə 2015-ci ildə “Ştutqart”dan gəlib. Daha sonra, 2020-ci ildə münhenlilər Ulrayxı “Hamburq” transfer ediblər. 2021-ci ildə isə Ulrayx azad agent qismində “Bayern”ə qayıdıb. Cari mövsümdə Ulrayx “Bayer”in heyətində 12 oyuna çıxıb, 15 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib. Ulrayxın Almaniya nəhənginin heyətində ümumi statistikası isə belədir: 98 oyun, 110 buraxılmış qol, 32 “quru” oyun.
Ulrayx “Bayern”lə 8 dəfə Bundesliqanın, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun, Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Ulrayx Almaniya yığmasına dəvət alsa da, debüt imkanı almayıb.


