“Bayern” Tomas Müllerlə vidalaşdı

Məlum olduğu kimi, “Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller Münhen klubundakı karyerasını başa vurub.

Arena.az xatırladır ki, 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/4 final oyunu (0:2) Müller üçün Almaniya nəhənginin heyətində sonuncu oyun olub.

Almaniya nəhəngi klubun əfsanəsi ilə bu sözlərlə vidalaşıb: “Bir inanılmaz karyera. Bir inanılmaz insan. Tomas Müller, çox sağ ol!” – klubun “X” sosial şəbəkə hesabında qeyd olunub.

Öz növbəsində Müller əlamətdar məqamla bağlı açıqlama verib: “Mən başa düşürəm ki, bu, mənim sonuncu oyunum idi. Yaxın günlərdə hansı əhval-ruhiyyədə olacağımı görəcəyəm. Amma bəli, mən dəfələrlə demişəm ki, bütün bunları necə görürəm və hər şey nə vaxtsa başa çatır, mənim buna münasibətim də məlumdur… Bu baxımdan heç nə dəyişməyib, hətta bu məqam mənim üçün yetişsə də…”, deyə Müller vurğulayıb.

Müller “Bayern”dən azad agent qismində ayrılıb. Veteran futbolçu daha əvvəl verdiyi müsahibəsində karyerasını MLS-də davam etdirə biləcəyini istisna etməyib.

Tomas Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsində olub və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edib.

Müller cari mövsümdə Münhen klubu üçün bütün yarışlarda 49 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 756 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin “bundestim”lə DÇ-2014-ün qalibi adını qazanıb.

Müller “Bayern” üçün oyunların sayına görə klubun rekordçusu, vurduğu qolların sayına görə isə ən sərrast üçüncü qolçudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: