“Bayern” Yozua Kimmixi gələcək kapitan olaraq görür

“Bayern”in idman direktoru Maks Eberl komandanın alman mərkəz yarımmüdafiəçisi Yozua Kimmixlə bağlı klubun gələcək planı barədə söhbət açıb.

Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizə, Yozua Kimmixin layihənin siması olması gərəkdir. Onun oyunu, hazırlığı, ürəyi… o, buna görə müəyyənləşdirilib. O, gələcəkdə “Bayern”in kapitanı olmalıdır. Amma əvvəlcə müqavilənin müddətini uzatmalıyıq!”, deyə Eberl vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Kimmix “Barselona”nın ona olan ciddi marağı mənzərəsində “Bayern”lə müqaviləsini yeniləmək üçün danışıqlar aparmağa hazır olduğunu bildirmişdi.

Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib. Alman futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Kimmix cari mövsümdə münhenlilərin heyətində 5 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kimmixin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 395 oyun, 42 qol, 106 məhsuldar ötürmə.

Yozua Kimmix hazırda kapitanı olduğu, 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 93 oyuna 7 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017-ci il FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: