Bir müddət öncə Fransanın “Brest” klubu ilə yollarını ayırmış əlcəzairli yarımmüdafiəçi Yusef Belaili özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, Liqa 1-in digər təmsilçisi “Ayaçço”ya keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 30 yaşlı futbolçu ilə 2023-cü ilin 30 iyununa kimi müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Belaili ilə “Brest” arasındakı müqaviləyə sentyabrın 29-da qarşılıqlı razılıq əsasında xitam verilmişdi. Ayrılığa səbəb kimi Əlcəzairdən olan vingerin Liqa 1 klubuna uyğunlaşa bilməməsi göstərilmişdi. Klubun idman direktoru Qreqori Lorenzi isə futbolçunun ailəsi üçün darıxdığını söyləmişdi: “Yusef özəlliklə ailəsindən uzaqda olduğu üçün özünü yaxşı hiss etmirdi. Bu üzdən də yola davam etməsi çox çətin idi. Komandanın faydası üçün işbirliyimizə son verməyi uyğun bildik. Son günlərdə futbolçu haqqında danışılanlar isə bizi maraqlandırmayan və özəl məsələlərdir. Bu gün bizim üçün önəmli olan klubun idman durumudur”.
Lakin Belailinin “Brest”dən ayrıldıqdan sonra Fransada qalması, hətta Liqa 1-in digər klubuna keçməsi “Brest” rəhbərliyinin ayrılığın əsl səbəblərini ört-basdır etməyə çalışmasının göstəricisidir.
Xatırladaq ki, Yusef Belaili bu ilin yanvar ayından “Brest”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində bütövlükdə 19 matça çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı vingerin bu klubla müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.
Belaili daha öncə “Qətər”, “Əl-Əhli, “Esperans”, “Anje”, “Əlcəzair”, “Oran” kimi klubların da formasını geyinib. O, Əlcəzair yığmasında 42 oyuna çıxıb və 9 qola imza atıb.


