İngiltərə milli komandasının və “Everton”un mərkəz müdafiəçisi Ben Qodfri bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Berqamo təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. “Everton”dan Ben Qodfrini transfer edən A Seriyası təmsilçisi bunun üçün 9 milyon avrosundan keçib. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Ben Qodfri 2020-ci ildən “Everton”da çıxış edirdi. O, Mersisayd təmsilçisində 93 oyunda forma geyinib və 3 məhsuldar ötürmə müəllifi olub.
Qodfri daha öncə “Norviç Siti”, “Şrusberi Taun”, “York Siti” kimi klublarda da oynayıb.
İngiltərənin U-20 və U-21 yığmalarında da forma geyinmiş Qodfri, 2021-ci ildə əsas millidə debüt edib. O, İngiltərə yığmasında 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


