Almaniya çempionu “Bayern”in və Fransa yığmasının müdafiəçisi Benjamin Pavar bundan sonra “İnter”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Pavarın transferinin dəyəri 30 milyon avrodur. İtalyanlar 2 milyon avro məbləğində əlavə bonus da ödəyəcəklər.
“İnter” Pavarla 5 illik – müddəti 2028-ci il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Pavar müdafiənin sağ cinahında çıxış edir, amma zərurət halında mərkəz müdafiəçisi kimi də oynamağı bacarır.
Pavar 2019-cu ilin yayında “Bayern”ə keçib. Buna qədər müdafiəçi “Ştutqart”da çıxış edib.
Geridə qalmış 2022/2023 mövsümündə Pavar “Bayern”in heyətində 43 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, 1 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumilikdə isə Pavarın “Bayern” statistikası belədir: 163 oyun, 12 qol, 12 məhsuldar ötütmə.
Pavar “Bayern”lə 2019/2020 mövsümündə Çempionlar Liqasını, 2020 UEFA Super Kubokunu və 2020 FIFA Klub Dünya Kubokunu, həmçinin 4 dəfə Almaniya Bundesliqasını, 1 dəfə Almaniya Kubokunu və 2 dəfə Almaniya Super Kubokunu qazanıb.
Pavar 2017-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş mundialın qalibi olub və 2020/2021 UEFA Millətlər Liqasını qazanıb.
“Bayern”in sol cinah vingeri Qabriel Vidoviç də Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib. Xorvatiya çempionu 19 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Azərbaycanlı futbolçu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Vidoviçin bir mövsümlük icarəsi üçün Almaniya çempionuna 500 min avro ödəyəcək.
Qabriel Vidoviç “Bayern”in öz yetirməsidir. O, Münhen təmsilçisinin əsas komandasında 4 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm Niderlandın “Vitess” komandasında da icarədə olmuş futbolçu meydana çıxdığı 25 oyunda 4 qola imza atıb. Almaniya vətəndaşlığına da malik olan Vidoviç Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, 2021-ci ildən isə U-21-ə dəvət alır.


