Fransa Milli Assambleyasının üzvü Valeri Buaye “Əl-İttihad”ın ulduzu Kərim Benzemanı vətəndaşlıqdan və “Qızıl top”dan məhrum etməyə çağırıb.
Arena.az məlumat verir ki, Buaye, Fransa yığmasının hücumçusu Kərim Benzemanın “Müsəlman Qardaşlar” terror təşkilatı ilə “bədnam əlaqələri” olması haqda keçmişinə işarə vurmuş Fransanın daxili işlər naziri Cerald Darmanenin bir müddət əvvəl səsləndirdiyi sözlərini özünün sosial şəbəkə hesabları üzərindən cavablayıb:
“Əgər bu doğrudursa, o zaman Benzemaya qarşı sanksiyalar nəzərdən keçirilməlidir. Ən azı onun əlindən “Qızıl top”u almaq olar, amma bu, sırf rəmzi cəzadır. Biz həmçinin və ilk növbədə onun vətəndaşlıqdan məhrum edilməsi üçün müraciət etməliyik”, – Buaye yazıb.
Xatırladaq ki, Kərim müsəlmandır. O, bir neçə gün əvvəl sosial şəbəkələrdə İsraillə münaqişə mənzərəsində Fələstini dəstəkləyib. Bundan əvvəl, “Real”ın digər sabiq oyunçusu, türkəsilli Məsut Özil də davam edən münaqişədə Fələstini dəstəklədiyini bildirib. O, həmçinin münaqişənin hər iki tərəfini hərbi əməliyyatları və düşmənçiliyi dayandırmağa səsləyib.


