“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, evdə bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşmış paytaxt təmsilçisi səfərdə 4 cavabsız qol vurmaqla yarımfinala yüksəlib.
Berezutski matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda “Sumqayıt”ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm.
Yarımfinaldakı rəqib böyük ehtimalla “Neftçi” olacaq? Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. “Neftçi” sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq. Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək”, deyə Berezutski bildirib.
“Getməyim komandanın xeyrinədirsə”… Vaqif Cavadov
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də nəsə deməyə ehtiyac yoxdur.
Komandam 10 oyundur qol vura bilmir? Fikirləşdiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 uduzub. Amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Əgər getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.
Qol imkanlarından istifadə edə bilmirik. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacağam”.


