İspaniyanın “Betis” klubu braziliyalı mərkəz hücumçusu Vitor Rokeni “Barselona”dan icarə müqaviləsi əsasında öz düşərgəsinə qatıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb. Müqavilədə satınalmaya dair də şərt var.
“Barselona” Vitor Rokeni “Atletiko Paranaense”dən 40 milyon avro məbləğ müqabilində transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.
Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Roke “Barselona”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 2 qol vurub.
Roke klub səviyyəsində hələ qənimət qazanmayıb.
Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
“Betis”in sağ vingeri Aleks Kolyado da Səudiyyə Ərəbistanının “Əl-Xolod” klubuna keçib. Sözügedən klub 25 yaşlı ispan futbolçunu bu mövsümün sonuna – 2025-ci ilin 30 iyununa kimi icarəyə götürüb.
“Espanyol” və “Barselona”nın da yetirməsi olan Aleks Kolyado “Qranada”, “Elçe” kimi klubların da formasını geyinib. 25 yaşlı futbolçu ötən mövsümdə də Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Oxdod”da icarədə olub.


