İtaliyanın “Udineze” klubunun Portuqaliyadan olan hücumçusu Beto bundan sonra “Everton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 25 yaşlı forvard İngiltərə klubu ilə 4 illik müqaviləyə imza atıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün 31 milyon avro ödəyib.
Beto “Udineze”yə “Portimonense”dən 22,5 milyon avroya keçmişdi. O, A Seriyası təmsilçisində 65 oyuna 22 qol vurub, 3 assist edib.
“Everton” “Lids”in sol cinah vingeri Cek Harrisonu da heyətinə qatıb. 26 yaşlı ingilis 1 illik icarəyə götürülüb. O, daha öncə “Nyu York Siti”, “Midlsbro” kimi klubların da formasını geyinib, “Lids”də 206 oyuna 34 qol vurub, 32 assist edib.
“Everton”un mərkəz müdafiəçisi Meyson Holqeyt isə “Sauthempton”a keçib. 26 yaşlı ingilis mövsümün sonuna kimi icarədə olacaq. Daha öncə “Barnsli”də oynamış futbolçu “Vest Bromviç”də də icarədə olub. O, “Everton”da 149 oyuna 5 qol və 5 assist edib.
“Everton”un dayaq yarımmüdafiəçisi Tom Devis isə azad agent kimi “Şeffild Yunayted”ə keçib. 25 yaşlı ingilis yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Everton”un yetirməsi olan Tom, indiyə qədər yalnız bu klubda forma geyinib – 179 oyun, 7 qol və 8 məhsuldar ötürmə.
“Şeffild Yunayted” “Koventri Siti”dən Qustavo Hameri də transfer edib. Əslən Braziliyadan olan 26 yaşlı niderlandlı yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Onun transferi 17,3 milyon avroya başa gəlib. “Feyenoord”, “Dordrext”, “Zvolle”də də oynamış futbolçu 2020-ci ildən oynadığı “Koventri Siti”də 132 oyuna 19 qol vurub, 24 assist edib.
“Aston Villa”nın hücumçusu Kameron Arçer də “Şeffild Yunayted”ə keçib. Transferinə 21,55 milyon avro xərclənmiş 21 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. “Aston Villa”da cəmi 14 oyun keçirib, 4 qol vurmuş ingilis forvard “Solihall Murs”, “Preston Nort End” və “Midlsbro”da icarədə də olub.
Yeri gəlmişkən, Betonu satan “Udineze” də “Uotford”un qapıçısı Maduka Okoyeni heyətinə qatıb. 24 yaşlı nigeriyalı qolkiperlə 4 illik müqavilə imzalanıb. “Fortuna” (Düsseldorf) və “Sparta”da (Rotterdam) da oynamış futbolçu Nigeriya yığmasında 16 oyuna çıxıb.


