Blatter: “İnfantino və Tramp futbola zərər vururlar”

FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu böyük qalmaqala səbəb olan yeni qərarına görə tənqid edib.

Arena.az xəbər verir ki, o, İnfantinonun ABŞ prezidenti Donald Trampla yaxın münasibətlərinin dünya futboluna ziyan vurduğunu bildirib.

Blatter bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:

“FIFA rəhbəri ilə ABŞ prezidentinin yaxın münasibətləri artıq futbola ciddi zərər vuran maliyyə müstəvisinə keçib. Heç kimin bizim oyunumuzu satmağa haqqı yoxdur”, – deyə Blatter yazıb.

Qeyd edək ki, daha əvvəl “The Times” nəşri İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığını yazmışdı. Məlumata görə, FIFA bu məsələ ilə bağlı Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparıb.

Layihəyə əsasən, kişi və qadınlar arasında dünya çempionatları, eləcə də klublararası dünya çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni şirkət yaradılacaq. Bildirilir ki, FIFA-ya üzv olan 211 milli assosiasiyanın hər biri təxminən 20 milyon ABŞ dolları dəyərində pay ala bilər. İnfantinonun isə yeni şirkətdə komissar vəzifəsini tutacağı iddia olunur.

Bu arada “Sky Sports”un yaydığı məlumata görə, UEFA-ya üzv milli assosiasiyaların nümayəndələri bu həftə fövqəladə iclas keçirəcəklər.

Mənbənin iddiasına əsasən, toplantıda FIFA-nın planlarına qarşı atılacaq addımlar müzakirə olunacaq. Hətta İnfantino bu təşəbbüsdən geri çəkilməyəcəyi təqdirdə, UEFA üzvlərinin dünya çempionatlarını boykot etməsi ehtimalı da gündəmdə olacaq.

Xatırladaq ki, DÇ-2026-da ilk dəfə 48 milli komanda iştirak edib. FIFA prezidenti Canni İnfantino daha əvvəl gələcəkdə mundial iştirakçılarının sayının 64 komandaya çatdırılması variantının da nəzərdən keçirilə biləcəyini açıqlamışdı. 2027-ci ildə isə qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: