Almaniyanın “Maynts” komandasının danimarkalı baş məşqçi Bo Svensson Bundesliqa təmsilçisindən ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun saytı məlumat yayıb.
44 yaşlı mütəxəssis komandanın cari mövsümdəki uğursuz çıxışına görə istefa verib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Bo Svensson 2021-ci ilin yanvar ayından “Maynts”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 104 oyuna çıxarıb. “Maynts” bu görüşlərdə 39 qələbə qazanıb, 26 heç-heçə edib və 39 məğlubiyyətə üzülüb.
“Maynts” Almaniya Bundesliqasının cari mövsümündə ən uğursuz çıxış edən komandadır. Belə ki, geridə qalmış 9 turda qələbəyə həsrət qalan komanda 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Maynts” hazırda 3 xalla 18 iştirakçı arasında sonuncudur.
Artıq “Maynts”ın yeni baş məşqçisi də məlumdur. Belə ki, almaniyalı Yan Zivert əsas komandanın müvəqqəti baş məşqçisi təyin olunub. O, buna qədər “Maynts”ın U-23 komandasının baş məşqçisi kimi fəaliyyət göstərirdi.


