Fransanın adlı-sanlı təmsilçilərindən “Bordo” futbol klubu 4-cü diviziona düşürüldükdən sonra klubun 97 əməkdaşını işdən çıxarıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, ötən yay “Bordo” maliyyə fəsadlarına görə Fransada aşağı liqaya düşməyə və peşəkar statusunu itirməyə razılaşıb. Avqustun əvvəlində Milli Futbol Klublarının İdarəetmə Təşkilatı bu komandanın 4-cü diviziona düşdüyünü açıqlayıb.
İndiyədək 97 nəfərin işini itirəcəyi bildirilib. Gələcək ixtisarlar da istisna edilmir.
Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi həvəskarlar liqasında çıxış etməli olacaq. Bu isə 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin böyük futbolda öz mövcudluğunu başa vurması deməkdir.
“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.


