Borxa İqlesias “Betis”i “Selta”ya dəyişdi

“Bayer”lə Almaniya çempionu olmuş Borxa İqlesias İspaniyanın “Betis” klubundan ayrılaraq “Selta” komandasına keçib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Selta” onun transfer hüquqlarının alınması üçün 2 milyon avrosundan keçib.

Xatırladaq ki, hücumçu ötən mövsümü də icarə əsasında “Selta”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 41 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Borxa İqlesias futbola “Kompostela”da qədəm qoyub. Ardınca Borxa “Valensiya”, “La-Roda” və “Vilyarreal”ın futbol akademiyalarından keçərək, böyük futbola gəlib. Borxa karyerası ərzində “Saraqosa”, “Espanyol” və “Betis”də oynayıb. İqlesiasın “Betis” karyerası 181 oyun, 52 qol və 12 assistdən ibarətdir.

İspan forvard 2023/2024 mövsümündə icarə əsasında “Bayer”in də şərəfini qoruyub. O, bu komandanın heyətində cəmi 10 oyuna çıxsa da, fərqlənə bilməyib. Borxa Leverkuzen klubu ilə Almaniya Bundesliqasının və Almaniya Kubokunun qalibi olub.

Borxa İqlesiasın qənimətlər muzeyində “Betis”lə qazandığı İspaniya Kral Kuboku (2021/2022) da var. Borxa elə həmin yarışın 5 qolla ən sərrast futbolçusu olub.

İqlesias 2022-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, meydanda 51 dəqiqə olub və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: