Brahim Dias da “Real”a qayıtdı, yeni müqavilə bağladı

Son illərdə icarə əsasında “Milan”da top qovan hücumameylli yarımmüdafiəçi Brahim Dias yenidən Madrid “Real”ına qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.

“Real” yeni mövsümə hazırlıq planlarını davam etdirir. Madridlilər icarə əsasında “Milan”da çıxış edən Brahim Diasla müqaviləni yeniləyiblər.

İspaniya yığmasının üzvü “Milan”da üç illik icarədən sonra Madridə qayıdaraq “Real”la olan cari müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb.

Brahim Dias “Kral klubu”na 2019-cu ildə “Mançester Siti”dən keçib. Futbolçu “qaymaqlılar”ın heyətində İspaniya çempionluğunu və İspaniya kubokunu qazanıb.

Mərakeş əsilli yarımmüdafiəçi geridə qalmış mövsüm ərzində “Milan”ın heyətində 45 oyuna çıxıb, 7 qol və eynisayda məhsuldar ötürmə ilə fərqlənib. Onun komandası ilə İtaliya çempionatında fəxri dördüncülüyü qazanıb. Brahimin “Milan” karyerası bütövlükdə 124 oyun, 18 qol və 15 assistdən ibarətdir. 23 yaşlı futbolçu “Real”da isə 21 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı Brahim Diası 20 milyon avro məbləğində qiymətləndirir. “Real” isə onu “Mançester Siti”dən 17 milyon avroya almışdı.

Xatırladaq ki, daha əvvəl “Real” digər bir futbolçusunu – icarə əsasında “Rayo Valyekano”da çıxış edən müdafiəçisi Fran Qarsiyanı geri almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: