Almaniyanın “Maynts” klubunun almaniyalı sağ vingeri Brayan Qruda bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi bu transferi 30 milyon avroya rəsmiləşdirib. “Brayton”la 20 yaşlı futbolçu arasında 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Əslən Albaniyadan olan, Almaniyada dünyaya göz açmış Brayan Qruda “Karlsrue”nin yetirməsidir. 2018-ci ildən “Maynts”sın sıralarında olan yarımmüdafiəçi, bu klubun əsas komandasında 31 oyna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Qruda Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2023-cü ilin sentyabr ayından U-21-ə dəvət alan gənc futbolçu hələlik əsas millidə debüt şansı qazanmayıb.


