Braziliya millisi bir oyunda mütləq dünya rekorduna imza atdı

17 yaşadək futbolçulardan ibarət (U-17) Braziliya millisi İndoneziyada təşkil edilmiş Dünya Kubokunda yeni rekorda imza atıb.

Arena.az məlumat verir ki, FIFA bayrağı altında 17 yaşadək yeniyetmələr arasında təşkil edilmiş dünya çempionatı davam edir.

Dünən qrup mərhələsinin 2-ci turuna yekun vurulub. “C” qrupunda yer almış Braziliya millisi Yeni Kaledoniya yığması ilə qarşılaşıb və rəqibini 9:0 hesabı ilə darmadağın edib. Sözügedən kollektiv bu oyunda qapıya zərbələrin sayına görə FIFA bayrağı altında keçirilən yarışlarda mütləq rekorda imza atıb.

Braziliyalılar rəqib qapısına inanılamaz sayda – 81 zərbə endiriblər və bu, mütləq futbol rekordudur. Bunlardan 23-ü (28%) qapıya gedib. 33 zərbə qapıdan yan keçib, 25 zərbənin qarşısı isə rəqib tərəfindən alınıb. “Sambaçılar”ın vurduğu 9 qol, orta hesabla hər 75 saniyədən bir qol imkanı əldə etdiklərini göstərir.

Xatırladaq ki, 1-ci turda Braziliya millisi ilk hissədən sonra 2:0 hesabı ilə öndə olduğu oyunda İran yığmasına gözlənilmədən 2:3 hesabı ilə məğlub olmuşdu. Yeni Kaledoniya kollektivi isə İngiltərəyə 0:10 hesabı ilə uduzmuşdu.

Hazırda İngiltərə 6 xalla qrup lideridir. Braziliya və İran 3 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Yeni Kaledoniya isə xalsızdır. Sonuncu turda “selesao” ingilislərlə qarşılaşacaq. Yeni Kaledoniya isə iranlılara imtahan verməli olacaq.

Qrupda ilk iki yeri tutmuş komanda pley-offa vəsiqə qazanır. Üçüncü yeri tutmuş kollektiv isə digər beş qrupun ən yaxşı üçüncülərindən biri olduğu halda, növbəti mərhələyə adlayacaq.

Maraq üçün qeyd edək ki, İngiltrərə Premyer Liqasında 2003/2004 mövsümündən aparılan statistikaya görə, qapıya zərbələrin sayına görə mütləq rekord 2011/2012 mövsümündə qeydə alınıb. O zaman “Mançester Siti” dramatik oynda QPR-i 3:2 hesabı ilə məğlub edərək, daha yaxşı top fərqi sayəsində əzəli rəqibi “Mançester Yunayted”i qabaqlayıb çempion olmuşdu. “Şəhərlilər” həmin oyunda rəqib qapısına 44 zərbə endirmişdilər.

“Böyük beşlik” futbol ölkələri arasında 2006/2007 mövsümündən aparılan statistikaya görə mütləq rekord isə “Atalanta”ya məxsusdur. 2019-cu ildə “Empoli” ilə oyunda “Tanrıça” rəqib qapısına 47 zərbə endirsə də, “quru” hesabı dəyişə bilməmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: