Məşhur amerikan aktyor və prodüser Bred Pitt “İnter Mayami”nin 38 yaşlı argentinalı ulduzu, veteran hücumçu Lionle Messidən söhbət açıb.
Arena.az “Goal” dərgisinə istinadən, 61 yaşlı Hollivud ulduzunun müvafiq fikrini təqdim edir:
“Bəli, bəli, o, möhtəşəmdir! Mən ona məftunam. Əgər mən turist olsaydım, mən ona tamaşa etməyə yollanardım. Ona özünü əsas səhnədə – dünya çempionatında təzahür etdirmək üçün çox vaxt gərək olub. Amma sonuncu dəfə… Bəli, o, göstərdi! Elə, onda da mən anladım: budur ha, gör bir necə!”, deyə Bred Pitt heyranlıqla vurğulayıb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 23 oyuna 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 62 oyun, 50 qol və 24 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


