“Brentford” 16 milyonluq transferi açıqladı

İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Hall Siti”nin gənc forvardı Kin Luis-Potteri transfer edib.

Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçunun keçidi “Brentford”a 16 milyon funt-sterlinqə başa gəlib. Lakin “Hall Siti”nin bonuslarla daha 4 milyon funt-sterlinq qazanmaq şansı var. İngilis futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.

Kin Luis-Potter “Hall Siti”nin öz yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildə məhz bu komandada başlayıb. Doğma komandasının heyətində 122 matça çıxmış futbolçu, bu görüşlərdə 30 qol vurub. O, qısa müddət “Bredford” klubunda icarədə də oynayıb. Gənc futbolçu həm də İngiltərənin U-21 milli komandasının üzvüdür. O, bu komandada 4 oyuna 1 qol vurub.

Luis-Potteri “Brentford”a satan “Hall Siti” onun əvəzində kolumbiyalı hücumçu Oskar Estupinanı transfer edib. Portuqaliyanın “Vitoriya Gimaraynş” klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Portuqaliya təmsilçisindən azad agent kimi ayrılmış futbolçu yeni klubuna təzminat xərci çəkdirməyib.

Oskar Estupinan karyerasına “Onse Kaldas” komandasında başlayıb. O, 2017-ci ildən Portuqaliya təmsilçisində forma geyinən hücumçu, geridə qalan mövsümdə 33 matça çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə edib. “Vitoriya Gimaraynş” onu 2019-cu ildə Ekvadorun “Barselona”, 2019/20 mövsümündə isə Türkiyənin “Dənizlispor” klublarına icarəyə də vermişdi.

Xatırladaq ki, “Hall Siti” klubunun sahibi türkiyəli Acun Ilıcalıdır. Çempionşip klubunda bu yay ilk ayrılıq məhz Luis-Potterin sayəsində gerçəkləşib. Klub əvəzində Tobias Fiqeyredo, Ozan Tufan, Allahyar Sayyadmaneş, Jan Mişel Seri və Doğukan Siniki transfer edib. “Hall Siti”nin hədəfi qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasına vəsiqə qazanmaqdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: