Bubista Kabo Verde millisinin baş məşqçisi postundan ayrıldı

Futbol üzrə Kabo Verde millisinin baş məşqçisi Bubista (Pedro Leytao Brito) yeni müqavilə təklif edilməsinə rəğmən, vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Kabo Verde Futbol Federasiyasının (FCF) mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssis karyerasını klubda davam etdirməyə qərar verib. O, bundan sonra Mərakeşin “Berkan” komandasını çalışdıracaq.

“Kabo Verde Futbol Federasiyası bildirir ki, bu gündən etibarən Bubişta milli komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Federasiya bu fürsətdən istifadə edərək ona fədakarlığına, peşəkarlığına və milli komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edir, gələcək fəaliyyətində böyük uğurlar arzulayır”, – deyə FCF-nin rəsmi açıqlamasında bildirilib.

Bubista 2020-ci ildən Kabo Verde millisinə rəhbərlik edirdi. O, milli komanda ilə tarixi uğura imza atıb. Onun rəhbərliyi altında Kabo Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2025-ci ilin noyabrında Afrika Futbol Konfederasiyası (CAF) Bubistanı qitədə ilin ən yaxşı baş məşqçisi seçib.

2026-cı ildə keçirilmiş dünya çempionatında isə Afrika komandası sensasiyaya imza ataraq turnirin 1/16 final mərhələsinə yüksəlib. Kabo Verde bu mərhələdə Argentina millisinə dramatik mübarizədə yalnız əlavə vaxtda 2:3 hesabı ilə məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: