Cabir Əmirli “Səbail”də qaldı – Rəsmi

Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Səbail” müdafiəçisi Cabir Əmirli ilə bağlı yekun qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilənin müddəti artırılıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, müdafiəçi növbəti mövsümdə də paytaxt klubunun formasını geyinəcək. Onunla müqavilənin müddəti 2024-cü ilin yayına qədər artırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti ötən ayın 30-da bitmişdi.

Xatırladaq ki, Cabir Əmirli 2021-ci ildən “Səbail”də çıxış edir. O, bu komandada 66 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Sağ cinah müdafiəçisi əvvəllər “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynayıb.

“Səbail”də daha öncə Vüqar Həsənovla da yeni müqavilə imzalanmışdı. Paytaxt klubu Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi , Pana və Pedro Nuno kimi futbolçuları da heyətinə qatıb.

Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: