Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Çağlar Söyüncü İspaniyanın “Atletiko” (Madrid) komandasına keçib.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məllumat yayıb.
Son klubu İngiltərə Premyer Liqasını tərk etmək məcburiyyətində qalmış “Lester Siti” olan təcrübəli oyunçu La Liqa təmsilçisinə azad agent kimi transfer olunub. 27 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Xatırladaq ki, Çağlar Söyüncü peşəkar karyerasına Türkiyənin “Altınordu” klubunda başlayıb. O, daha sonra Almaniyada “Frayburq”un formasını geyinib. 2018-ci ilin yayından isə müdafiəçi “Lester Siti”də çıxış edirdi. O, İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 132 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Çağlar Türkiyə milli komandasında da 53 oyuna çıxıb, 2 qol vurub.



