Can Pyero Qasperini – A Seriyasında mayın ən yaxşı məşqçisi!

“Atalanta”nın baş məşqçisi, italyan mütəxəssis Can Pyero Qasperini may ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, may ayında Qasperininin komandası 3 oyun keçirib. Berqamo təmsilçisi bu matçlardan maksimum nəticə ilə ayrılıb. Bu komanda səfərdə “Leççe”ni 2:0, “Salernitana”nı 2:1 hesabıyla məğlub edib, evdə isə “Roma”nı 2:1 üstələyib.

Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun bu klubla müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda bitəcək.

66 yaşlı mütəxəssis indiki komandasını bütövlükdə 385 oyuna çıxarıb. “Atalanta” bu matçlarda 200 qələbə qazanıb, 90 heç-heçə edib və 95 məğlubiyyətə üzülüb.

İtalyan mütəxəssis bir neçə gün öncə “Atalanta” ilə Avropa Liqasının qalibi olub. “Atalanta” A Seriyasında da mövsümün sonuna 1 tur qalmış 66 xalla 5-ci pillədə qərarlaşıb.

Qasperini daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”yə də rəhbərlik edib.

Sonda onu da vurğulayaq ki, Qasperini bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşısı seçilir. İtaliya çempionatında 2023/2024 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısını təqdim edirik:

Avqust 2023 – Roberto Daversa (“Leççe”)
Sentyabr 2023 – Alessio Dionisi (“Sassuolo”)
Oktyabr 2023 – Simone İnzaqi (“İnter”)
Noyabr 2023 – Massimiliano Alleqri (“Yuventus”)
Dekabr 2023 – Vinçentso İtalyano (“Fiorentina”)
Yanvar 2024 – Simone İnzaqi (“İnter”)
Fevral 2024 – Tyaqo Motta (“Bolonya”)
Mart 2024 – Tyaqo Motta (“Bolonya”)
Aprel 2024 – Simone İnzaqi (“İnter”)

Xəbəri sosial şəbəkələrdə paylaş: