Avropa Liqasının qalibi “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliyadan kənarda işləmək barədə mövqeyini açıqlayıb.
Arena.az jurnalist Nikolo Skiraya istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən xarici klubda işləməyəcəyəm. İngiltərə klubundan təklif almışam, amma “Atalanta”da qalacağam”, deyə Qasperini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda, “Napoli”nin 66 yaşlı mütəxəssisin xidmətində maraqlı olduğu haqda məlumat yayılmışdı.
Can Pyero Qasperini “Atalanta”nı 2016-cı ilin iyunundan çalışdırır. İtalyan mütəxəssisin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qasperini “Atalanta”nı İtaliya Kubokunun finalına daşıyıb və burada gərgin mübarizədə “Yuventus”a 0:1 hesabı ilə məğlub olub. Buna rəğmən Qasperini komandasını toparlayaraq, cari mövsümdə məğlubiyyət tanımayan Almaniya Bundesliqasının çempionu “Bayer”i Avropa Liqasının finalında 3:0 hesabı ilə məğlub edərək, həm özünün və həm də klubun beynəlxalq müstəvidə ilk böyük qənimətini qazanıb.
Qasperinin rəhbərliyi altında “Atalanta” 386 oyuna çıxıb, 201 qələbə qazanıb, 90 heç-heçə edib və 95 məlubiyyət yaşayıb. Berqamo təmsilçisinin top fərqi isə 747:460 nisbətindədir.
Hazırda “Atalanta” İtaliya A Seriyasının 37 turundan 69 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Berqamo təmsilçisi 29-cu turdan “Fiorentina” ilə təxirə salınmış oyunda evdə “bənövşələr”lə qarşılaşacaq. Berqamolular bu oyunda da qalib gələ bilsələr, İtaliya A Seriyasının 2023/2024 mövsümünün bürünc medalını qazanmış olacaqlar.


