Canluici Buffon yaşıl meydanlardan getməyi düşünür

“Parma”nın cari və İtaliya yığmasının sabiq qapıçısı, əfsanəvi Canluici Buffon futbolçu karyerasını bitirmək haqda düşünür.

Arena.az bu barədə jurnalist-insayder Canluka Di Marsioya istinadən xəbər verir.

Məlumatda Buffonun yaxın vaxtlarda gələcək taleyini müəyyənləşdirəcəyi deyilir. Əfsanəvi qapıçının indi seçim qarşısında qaldığı: peşəkar karyerasını bitirmək, “Parma”da oynamağa davam etmək və ya Səudiyyə Ərəbistanına köçmək haqda düşündüyü vurğulanır.

45 yaşlı Canluici Buffon karyerasına “Parma”da başlayıb, ardınca “Yuventus”da çıxış edib, onun uğurlarının böyük qismi və məşhurluğu Turin klubunun adı ilə sıx bağlıdır. Ardınca, bir müddət PSJ-də çıxış etmiş Buffon yenidən doğma klubu “Parma”ya qayıdıb.
Geridə qalmış mövsümdə Buffon “Parma”nın heyətində 19 oyuna çıxıb, 24 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb. O, komandası ilə B Seriyasının dördüncüsü olaraq, “Parma”nı növbəti mövsümdə A Seriyasında iştirak hüququ verən pley-off oyunlarına daşıyıb. Buffon pley-off mərhələsində “Kalyari”yə qarşı oyunda (səfərdə 2:3, evdə 0:0) komandasının məğlubiyyət acısını yaşayıb.

Buffon İtaliya yığmasının heyətində beş dünya çempionatında (DÇ-98, DÇ-2002, DÇ-2006, DÇ-2010, DÇ-2014) iştirak edib. DÇ-2006-da isə FIFA Dünya Kubokunu başa üzərinə qaldıraraq, mundialın qalibi olmaqla yanaşı, turnirin ən yaxşı qapıçısı seçilib.

“Transfermarkt” internet-portalı Canluici Buffonu 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: