“Mançester Siti”nin italiyalı qapıçı Canluici Donnarumma İngiltərə Premyer Liqası ilə İtaliya A Seriyasını müqayisə edib.
Arena.az təcrübəli qolkiperin müvafiq açıqlamasını təqdim edir:
“Bir tərəfdən deyə bilərəm ki, bizim italyan futbolu heç də digərlərindən geri qalmır. İngiltərədə birinci dəqiqədən sonuncu dəqiqəyə qədər qaçırlar. İtaliyada bu, heç də belə deyil, amma bu, haradasa pis, hardasa yaxşı olduğu demək deyil. Sadəcə oyun üslubu belədir”, deyə Donnarumma vurğulayıb.
Xatırladaq ki, Canluici Donnarumma bu ilin yayında Fransa çempionu PSJ-dən 30 milyon avro müqabilində “Mançester Siti”yə keçib. 26 yaşlı qolkiperin İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.
Donnarumma “Mançester Siti”nin heyətində 6 oyuna çıxıb, 4 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
“Milan”ın yetirməsi olan Donnarumma 2021-ci ilədək bu klubda çıxış edib. 2021-ci ilin iyul ayında isə o, “Milan”dan azad agent qismində PSJ-yə keçib.
Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 78 oyun keçirib, 71 qol buraxıb, 32 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.
Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və UEFA Çempionlar Liqasının (2024/2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


