Canni De Byazi: “Azərbaycan millisində xoşbəxt olmadığımı deməmişəm”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçirilən oyunu şərh edib.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis Bakıda 0:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texniki fərq də özünü göstərdi.

Bəzi oyunçuların meydana çıxmaması da çətinlik yaratdı. Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır.

Addım-addım irəliləmək lazımdır. İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır.

Hazırlığa bir həftə tez başlamağı mən xahiş etmişdim. Bu gün rəqiblə aramızda texniki və fiziki fərqi yəqin ki, gördünüz. Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Topla necə davranırlar, qorxmadan oynayırlar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissədə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi.

Namik Ələsgərovdan razı qaldım, əlindən gələni edib, ürəyini qoydu. Mahir Emrelidən daha yaxşısını gözləyirəm. Ümid edirəm ki, bəzi keyfiyyətlərini yaxşılaşdıracaq. Topu daha yaxşı qəbul etməlidir”.

Canni De Byazi Azərbaycan millisindəki gələcəyinə də toxunub: “Mən daha real şeylərdən danışmağa öyrəşmişəm. Son vaxtlar adım müxtəlif yığmalarla hallanır. Seçmə mərhələnin sonunda müqaviləm başa çatır. AFFA rəhbərliyi ilə danışacağam. Razılıq versələr, qalacağam. Buraya gələndə məni hansı çətinliyin gözlədiyini bilirdim. Amma evi aşağıdan tikirlər. Digər tərəfdən, heç vaxt Azərbaycanda xoşbəxt olmadığımı deməmişəm. Əksinə, burada hər şey məni qane edir.

Heç vaxt sosial şəbəkələrə baxmıram. Sizə də vaxtınızı boş-boş şeylərə sərf etməməyi məsləhət görürəm. Əmin olun, mənə heç kim deyə bilməz ki, bu futbolçunu oynat. Mənim öz fikirlərim var.

Rəhim Sadıxovun yığmada öz potensialından aşağı çıxış edir? “Sumqayıt” milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik futbolçudur. Özünü tam göstərə bilməsi üçün ona vaxt lazımdır.

Filip Ozobiçə gəlincə, o, təcrübəli oyunçudur. Bizə xeyir verə bilər. Ona da müəyyən qədər zaman lazımdır. “Qarabağ”ın Avropa Konfrans Liqasındakı qrupuna baxanda çox da çətin olmayacağını düşünürəm. Fikrimcə, “Qarabağ” qrupdan çıxa bilər. Bu, bizim üçün də yaxşı olar. Ümid edək ki, bunu bacaracaqlar”.