Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçikaya qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Təəssüflər olsun ki, bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq. Rəqibimiz güclü olsa da, uğurlu nəticə əldə etmək istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”.
Canni De Byazi “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin yığmaya çağırılmasına da münasibət bildirib: “O, həmişə bu komandanın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Sizi də anlayıram. Ancaq lazım olsa, Höccətə şans verəcəyik”.
İtalyan baş məşqçi hər bir oyunçunun motivasiyalı olduğunu diqqətə çatdırıb: “Sabah “vuruşmağa” və mübarizə aparmağa hazır olmalıyıq. İnkişaf üçün yaşadıqlarımızdan nəticə çıxarmalıyıq”.
De Byazi rəqibin təhlükəli oyunçularının olduğunu diqqətə çatdırıb: “Onların hamısı güclü klublarda çıxış edirlər”.

Mətbuat konfransında yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak edib. Bu yay Türkiyənin “Ümraniyəspor” klubuna keçən 28 yaşlı futbolçu da sabahkı oyunda müsbət nəticə üçün çalışacaqlarını vurğulayib:
“Sabah yaxşı nəticə ilə xalqımızı sevindirmək niyyətindəyik. Yığmada oynamaq hər bir futbolçu kimi mənim üçün də şərəfdir. Yığmamızda hər zaman əsas heyətdə yer almaq istəmişəm. Legioner həyatı yaşamaq arzum da məhz bununla bağlıdır. Belçika ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə ümid edirəm”.
Xatrıladaq ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçına saat 17:00-da start veriləcək.


