Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis qrup mərhələsinin 2-ci turu çərçivəsində Serbiyada keçiriləcək matçdan öncəki mətbuat konfransında bunları söyləyib:
“Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Buna uyğun hazırlıq görürük.
Belarus yığması ilə ötən il qarşılaşmışdıq. Amma həmin heyətdən cəmi 4 nəfər hazırda Belarus yığmasındadır. 4-4-2 sxemindən yararlanmışdılar. Təbii ki, eyni komanda deyil, dəyişikliklər olub.
Belarusu Slovakiya ilə oyunlarından əvvəl analiz etmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Boyları uzundur, standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.
Baş məşqçi sabahkı matçın “11-liy”ini hələ müəyyənləşdirmədiyini deyib: “Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu, alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.
Canni De Byazi ilk turda Qazaxıstana məğlubiyyəti hücumdakı “dişsiz”liklə əlaqələndirib: “Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar etdik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilməzsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil etdik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi 2 zərbəsi oldu, hər iki halda top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.
66 yaşlı mütəxəssis Qazaxıstanla matçda eynəkdən yararlanmasının səbəbini də açıqlayıb: “Yarım səviyyə uzağı görmək üçün eynək taxmışdım. Eynək taxdım ki, bəlkə millimizə düşər və komandamı daha yaxşı görərəm. Sadəcə, uduzmağımıza əsəbiləşmişdim”.
“Heç kim uduzmaq istəməz” – Bəhlul Mustafazadə
Mətbuat konfransında iştirak edən milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə də fikirlərini bölüşüb. “Qarabağ”ın futbolçusu bunları söyləyib:
“Belarusla görüşə hazırıq. Rəqibi təhlil etmişik. Kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Qazaxıstanla matçda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər düşdü və səhvlərdən qollar buraxdıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus Qazaxıstandan daha kompakt çıxış edir. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq”.
O, Qazaxıstana məğlubiyyətin komandaya pis təsir etdiyini söyləyib: “Qazaxıstanla oyunu çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaxaladıq. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik.
Ölkəmiz uğrunda mübarizə aparırq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək”.
Sabah – mayın 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Yığmamız ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.


