Canni De Byazi Brüssel rəzalətindən sonra da həyasızlıq etdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 67 yaşlı italyan mütəxəssis 0:5 hesabıyla uduzduqları qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib.

“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Güclü rəqiblə oynadıq. Belçika yığması qrupun ən güclü komandasıdır. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindir. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.

İtalyan mütəxəssis ötən oyunda pis təsir bağışlamamış Coşqun Diniyevin əvəzində bu dəfə oyun təcrübəsi az olan Eddi İsrafilova şans verməsinin səbəblərindən də söz açıb:

“Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdır. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu meydana buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər. Bu oyunun ikinci hissəsindəki çıxışımızdan daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdür, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik”.

“Heç vaxt belə axmaq jurnalistlərə rast gəlməmişəm”

Konfransın bundan sonrakı hissəsində Canni De Byazi azərbaycanlı jurnalistlərin tənqidi sualları ilə üzləşib:

  • İlk dəfə Azərbaycana gələndə insanlar sizdən çox şey gözləyirdi. Albaniyanı Avropa çempionatına çıxarmışdınız. Amma 1-ci tsikldə 1 xal qazanmışdınız. Hansı ki, biz onu 25 il öncə, ən çətin zamanda da qazanmışdıq. UEFA Millətlər Liqasında hədəf qrup birinciliyi idi. Onu da bacarmadınız. Bu seçmə mərhələdə də yalnızca İsveçlə oyun alqışalayiqdir. Bizdə əvvəllər də stabillik çatmırdı. İsveçi məğlub etdikdən sonra ağır yenilgi aldıq.
  • Udmaq istəyirdiz? 10 nəfərlə idik. Fransa Cəbəllütariqi 14:0 məğlub edib.
  • Azərbaycan Cəbəllütariq deyil… Moldova və Qazaxıstan sabah AÇ-yə vəsiqə qazana bilər…
  • Slovakiya da AÇ-yə çıxa bilər. Amma UEFA Millətlər Liqasında bizdən arxada olublar.
  • Üç il ərzində nəyi dəyişmisiniz? Öz fəaliyyətinizdən razısınız?
  • Bu sualı özün verirsən, yoxsa kimsə sənə məsləhət görüb? Kim məsləhət veribsə, ondan da cavabını istə.
  • Yığmadan gedəndən sonra azərbaycanlı jurnalistlərin sualları üçün darıxacaqsınızmı?
  • Yox. Çünki mən heç vaxt belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər.

Bu sözləri dedikdən sonra o, fikirlərinin tərcümə olunmasını belə gözləmədən dərhal konfrans zalını tərk edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: