Canni De Byazi: “Bunun üçün özümüzə inanmalıyıq”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviya yığması ilə yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Maltada baş tutan mətbuat konfransında bunları söyləyb:

“Sabah həmişə bildiyimiz oyuna qayıdacağıq. Yaxşı oyun göstərməliyik. Ötən matçda taktiki problemlər oldu. Həmin oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməliyik, ilk növbədə özümüzə inanmalıyıq”.

De Byazinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: “Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq”.

Canni De Byazi komandasının görüşə gərgin çıxmasına da münasibət bildirib: “Artıq 30 ildir ki, böyük və kiçik komandalarda baş məşqçi kimi çalışıram. İlk dəfədir ki, belə söhbət eşidirəm. Malta ilə oyunda gördüyüm odur ki, biz rəqibdən az qaçmamalıyıq. Daha istəkli və aqressiv olmalıyıq. Oyundan əvvəl oyunçumuza Maltanın kapitanının şəklini göstərdim. Dedim ki, onlar burda gəzməyəcəklər, mübarizə üçün bizi gözləyirlər. Başa saldım ki, qələbə üçün döyüşmək lazımdır”.

İtaliyalı mütəxəssis komandanın hücum futbolu sərgiləyə bilməməsinə də toxunub: “Üç ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Taktiki problemlər ola bilər. Amma texniki çatışmazlıqlar da var idi. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, il ötürmələr düzgün olsaydı, təhlükəli ola bilərdik. Sabah əvvəlki sistemə qayıdırıq. Bu üzdən matçdan sonra bəhanə olmayacaq. Sabah hamımız milli forma altında Azərbaycan bayrağı üçün mübarizə aparmalıyıq”.

Millimizin baş məşqçisi komandasının Latviya yığması ilə oyuna itki ilə çıxacağını da bildirib. İtaliyalı mütəxəssis bildirib ki, müdafiəçi Bədavi Hüseynov ayağındakı problem üzündən meydana çıxa bilməyəcək. O, digər oyunçuların matça hazır olduqlarını bildirib. Malta ilə görüşü zədə səbəbindən buraxmaq məcburiyyətində qalan Namiq Ələsgərov da artıq sağalıb və Latviyaya qarşı oynaya biləcək.

“Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar”

Millimizin müdafiəçisi Maksim Medvedev də mətbuat konfransında iştirak edib. “Qarabağ”ın futbolçusu bunları söyləyb:

“Malta ilə fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirə bilməmələri bir kapitan kimi mənə də pis təsir edib. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

Yığmamız daha güclü komandalara qarşı fərqli çıxış edir. İrlandiaya qarşı daha konkstruktiv hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.

Sabah baş tutacaq Azərbaycan – Latviya matçına saat 15:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: