Canni De Byazi: “Komanda meydanda “ürəyini qoydu”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyuna yaxşı başladıq, erkən qollar vurduq. Bu üzdən risk etmədik. Düzdür, ikinci hissədə özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda, gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faiz gücümüzü meydanda qoyuruq. Futbolçulara təşəkkür etdim.

İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün zehni olaraq da hazırlıqlı olmaq, məqsəd uğrunda çalışmaq lazımdır. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.

Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdıq. Bu gün həmin oyunlardan fərqli nə etdik? Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Amma Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim. Çoxunuz oyuna baxmadan, nəticəyə əsasən danışırsız. Bu, doğru deyil. Deyirsiz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiniz”.

Canni De Byazi üçüncü qolu Arif Əsədova təpik vuraraq qeyd etməsinə də aydınlıq gətirib: “Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi apara bilir. Sadəcə, qol sevincimiz belə alındı”.

Azərbaycan millisi bu qələbəyə layiq idi” – Yanne Andersson

İsveç millisinin baş məşqçisi Yanne Andersson isə Bakıdakı darmadağınla bağlı bunları söyləyib:

“Azərbaycan millisi çox yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yaxşı olan oyunçular var. Rəqib oyunun əvvəlində iki asan qol vurdu. Bundan sonra geridönüş etmək çətin idi. Azərbaycan millisi Belçika və Avstriyaya qarşı da yaxşı oynamışdı. Sadəcə, bəxt onların tərəfində deyildi. Bu gün isə hər şey Azərbaycanın istədiyi kimi getdi. Onları təbrik edirəm”.

Andersson Emin Mahmudovun daha baxımlı alınan ikinci qoluna da münasibət bildirib: “2017-ci ildə Fransa millisinin qapıçısı Huqo Lyorisə 45 metrdən qol vurmuşduq. Çox yaxşı qol idi. Oyunçunun konsentrasiyası, epizodu görməsi… Onu da belə qol münasibət ilə təbrik edirəm.

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımız qalsaydı, bu gün fərqli oyun ola bilərdimi? Mənim üçün fərq etmir. İstənilən halda, bu gün məğlub olduq. Azərbaycan millisini təbrik edirəm. Onlar buna layiq idilər. Mən isə məyusam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: