Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində İsveçə qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italyan mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında bunları söyləyib:
“İsveç FIFA reytinqində 23-cüdür, biz isə aşağı pillələrdəyik. Amma heç kim deyə bilməz ki, meydanda əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhvlər edirik. Bu da bizə baha başa gəlir. 5 komandanın yer aldığı qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışcağıq. Təbii ki, hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm. Amma rəqibləri də nəzərə almaq lazımdır. Belçika və Avstriyaya qarşı çox yaxşı oynamışıq”.
O, sabahkı görüşdə qapıda Şahruddin Məhəmmədəliyevin dayanacağını bildirib: “Rəşad Əzizlini də bəyənirəm, gəncdir, gələcəkdə bizə kömək edə bilər”.
İtaliyalı çalışdırıcı 27 futbolçuya dəvət göndərməsinin səbəbini də açıqlayıb: “Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzü 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.
Baş məşqçi qələbə təqdirində qrupda 3-cü pillədə yer alan İsveçə çatacaqlarını xatırladıb: “Sabah qələbə qazansaq, İsveçi haqlayacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son görüş barədə düşünəcəyik”.
Canni De Byazi yığmanın yaxşı hücumçulara malik olduğunu vurğulayıb. O, İsveç çempionatında uzun müddətdir qol vura bilməyən Musa Qurbanlı ilə bağlı sualı da cavablandırıb: “Təkcə hücumçulardan yox, hamıdan qol gözləyirəm. Qol mental məsələdir. Hücumçu rəqibin qapısına yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Cərimə meydançası daxilində qol hissiyatı var. Ümid edirəm ki, sabahdan başlayaraq bu tendensiya artar”.
“Yaxşı nəticə qazanmağa çalışacağıq” – Emin Mahmudov
Azərbaycan millisinin kapitanı Emin Mahmudov da oyunöncəsi mətbuat konfransına qatılıb. “Neftçi”də forma geyinən 31 yaşlı yarımmüdafiəçi azarkeşləri məmnun edəcək oyun sərgiləmək istədiklərini bildirib:
“Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matçda qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.
O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Ağır məğlubiyyət oldu. Bunu əvəzini çıxmağa çalışacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – İsveç matçına saat 21:00-da start veriləcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç millisi isə üçüncüdür.


