Canni De Byazi: “Millinin qapısı hamı üçün açıqdır, amma…”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Kişinyovda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarşıda bizi Moldova, həmçinin Şimali Makedoniya yığması ilə oyunlar gözləyir. Bu oyunlar bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyunlardan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. Avropa çempionatının seçmə mərhələsinin başlamasına 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq”.

İtaliyalı mütəxəssis heyəti gec açıqlamasının səbəbini də izah edib: “Ölkə çempionatında son oyunlar ötən həftə olub. Bundan sonra dərhal heyəti açıqladıq. Əksər futbolçularımız yerli liqada çıxış edir. Bu mənada heyəti tez açıqlamağın mənası yox idi”.

Canni De Byazi yığmaya dəvət alan futbolçulardan Emin Mahmudovla Riçard Almeydanı digərlərinə nümunə göstərib: “Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır”.

Millimizin kapitanı, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov da mətbuat konfransına qatılıb və matçdan öncə fikirlərini bölüşüb:

“Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Asan oyun olmayacaq”.

Sabah Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq Moldova – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: