Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltaya qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirləni bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Maltada təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda keçirəcəyimiz Millətlər Liqasında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq.
Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddi İsrafilovu dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki baxımdan üstün cəhətləri var.
Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər Latviya ilə oyuna hazır etməyə çalışırlar.
Ötən mətbuat konfransında dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik”.
Canni De Byazi ilə yanaşı jurnalistlər önünə yarımmüdafiəçi Eddi İsrafilov da çıxıb. “Neftçi”nin futbolçusu bunları söyləyib: “Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.
“Malta və Azərbaycan yığmalarını müqayisə etmək olmaz”
Malta yığmasının baş məşqçisi Devis Manca isə jurnalistlərlə görüşdə bunları söyləyib:
“Azərbaycan millisinin çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir. Onların Avropa təcrübəsi daha böyükdür. Maltanı Azərbaycan yığması ilə müqayisə etmək olmaz. Qarşıdakı görüşlər bəzi şeyləri sınamaq, futbolçulara oyun təcrübəsi qazandırmaq və onlar haqqında məlumat almaq üçün platforma rolunu oynayacaq. Yerli liqada 20-dən çox oyun keçirdikdən sonra futbolçuların fiziki durumlarının daha yaxşı olacağını gözləyirdim. Amma legionerlər təkcə fiziki vəziyyətdə deyil, həm də qidalanma baxımından daha yaxşı olduqlarını göstəriblər”.
Sabah keçiriləcək Malta – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


