Canni De Byazi: “Qələbə üçün şansları dəyərləndirmək lazımdır”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Qazaxıstana qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Birinci hissədə yaxşı oyun sərgilədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğumdan gündən bəri ən yaxşı ilk hissəni oynadıq. İkinci yarının əvvəlində 26 metrdən kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik.

Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan”.

Canni De Byazi heyət seçimində yanılmadığını düşünür: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.

İtaliyalı məşqçi iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.

C Liqasında mübarizə aparan Azərbaycan millisi 3-cü qrupdakı növbəti matçını ayın 6-da Belarus yığmasına qarşı keçirəcək. Həmin oyun məlum səbəblərdən Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: