İspaniyanın “Osasuna” klubuna 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak etməyə icazə verilib.
Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, iyun ayında UEFA müfəttişlərinin apardığı təhqiqat nəticəsində klubun 2013/2014 mövsümündə danışılmış oyunlarda iştirak müəyyən edilib. Bu üzdən də komandanın Avropa Konfrans Liqasından kənarlaşdırılması haqda qərar qəbul edilmişdi.
İspaniya təmsilçisinin apellyasiya şikayəti də rədd edildikdən sonra klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi.
İşə yenidən baxışın nəticəsi olaraq UEFA “Osasuna”nın “təxminən 10 il əvvəl baş vermiş hadisələrin qurbanı olduğu” qənaətinə gəlib. Qitə futbol qurumu sözügedən komandanın qarşıdakı mövsümdə Avropa Konfrans Liqasında iştirakına icazə verib. CAS da öz növbəsində UEFA-nın qərarını təsdiqləyib.
Amma UEFA həmçinin bu məsələ ilə bağlı ümumi məhkəməyə müraciət etdiyi üçün “Osasuna”ya qarşı intizam işi açıb. İspaniya klubu cərimələnəcək, lakin bu, komandanın Avropa Konfrans Liqasında iştirakına təsir etməyəcək. Öz növbəsində “Osasuna” kluba qarşı tətbiq olunacaq sanksiyalara etiraz etmək fikrində deyil.


