Castin Kluyvert uzun müddətə sıradan çıxdı

Futbol üzrə Niderland millisinin və İngiltərənin “Bornmut” klubunun hücumameyilli yarımmüdafiəçisi Castin Kluyvert uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 20-ci turunda “Arsenal”a qarşı keçirdikləri və 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnib. Oyunun 74-cü dəqiqəsində meydanı tərk edən hücumçunun sol dizindən ciddi xəsarət aldığı müəyyənləşib. Niderland millisinin üzvü buna görə cərrahi əməliyyat olunacaq. Əməliyyatdan sonra Kluyverti uzunmüddətli bərpa dövrü gözləyir. O, həmin müddətdə komandasına kömək edə bilməyəcək. Klubun tibbi personalı futbolçunun reabilitasiya prosesinə tam nəzarət edəcək.

Klub yaydığı bəyanatda Castinə şəfa diləyib və onun tezliklə meydanlara qayıtmasını səbirsizliklə gözlədiklərini qeyd edib.

Xatırladaq ki, Castin Kluyvert Niderland yığmasının məşhur mərkəz hücumçusu Patrik Klyuyvertin oğludur. Castin “Bornmut”a 2023-cü ilin iyulunda 11,2 milyon avro müqabilində “Roma”dan keçib. Kluyvertin “albalılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Castin “Bornmut”un heyətində 19 oyuna çıxıb, 2 qol vurub. Kluyvertin bu klubun heyətindəki ümumi statistikası isə belədir: 94 oyun, 24 qol, 10 məhsuldar ötürmə.

“Ayaks”ın yetirməsi olan Castin karyerası ərzində “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya” kimi klubların da formasını geyinib.

Kluyvert 2018-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 11 oyun keçirib, 2 assistlə yadda qalıb. Castin Niderlandın əsas yığmasına düşmək üçün U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarından təcrübə yolu keçib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Castin Kluyverti 32 milyon avro məbləğində qiymətləndirir.