“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov yeni mövsümə hazırlıq çərçivəsində bu gün “Şəfa”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Cavid Hüseynov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İmişli” ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunu aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.
Ümumilikdə, yoxlama oyunları komandada olan çatışmazlıqları görmək, təsbit etmək üçündür ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir. Hansı sahədə axsadığımızı bilirik və onları duzəltməyə çalışacağıq”.


