“Mançester Siti”nin ingiltərəli sol cinah hücumçusu Cek Qriliş “şəhərlilər”in düşərgəsini tərk edərək yenidən “Everton”a keçib.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.
30 yaşlı futbolçu 2027-ci ilin yayına kimi Mersisayd təmsilçisinin formasını geyinəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Qriliş ötən mövsümün əvvəlində də icarə əsasında “Everton”a keçmiş, lakin zədə səbəbindən xeyli müddət bu komandaya kömək edə bilməmişdi. O, “Everton”un heyətində 22 oyuna çıxıb, 2 qol vurub, 6 assist müəllifi olub.
Cek Qriliş “Aston Villa”nın məzunudur. Futbolçu həmçinin “Notts Kaunti” (icarə) və “Mançester Siti”də çıxış edib. “Mançester Siti” Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan 117,5 milyon avro məbləğ müqabilində “şəhərlilər”in heyətinə qatıb. Qriliş “Mançester Siti” üçün 159 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.
Qriliş 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 39 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


