İtaliyanın “Verona” klubunun kamerunlu sağ cinah müdafiəçisi Cekson Tçatçua bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb. “Vulverhempton” bu transfer üçün İtaliya klubuna 12,5 milyon avro ödəyib.
Cekson Tçatçua Kamerundan olsa da, Belçikada dünyaya göz açıb. O, Belçikanın “Standard” və “Şarlerua” klublarının yetirməsidir. 2024-cü ildə 3 milyon avro müqabilində “Şarlerua”dan “Verona”ya keçmiş futbolçu bu komandanın heyətində 64 oyun keçirib, 2 qol və 5 assistlə yadda qalıb.
Kamerunlu futbolçu 2024/2025-ci illər mövsümündə A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb.
Tçatçua 2024-cü ildə debüt etdiyi Kamerun milli komandasının heyətində 10 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.






