Çempionlar Liqası: “Qarabağ” bu gün “Rakuv”un qonağı olacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqə uğrunda Polşa çempionu “Rakuv”la mübarizə aparacaq.

Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirəcək. Çenstoxova şəhərindəki “Mieyski” stadionunda baş tutacaq oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan güclü olub. Komandamız səfərdə 2:1, doğma meydanda 4:0 hesablı qələbələrə sevinmişdi. “Rakuv” da startda Estoniya “Flora”sını hər iki oyunda məğlub edib – evdə 1:0, səfərdə 3:0.

“Rakuv” geridə qalan mövsümdə Polşa çempionatında 34 oyuna topladığı 75 xalla ölkə çempionu olub. Bu komanda 23 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 5 məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 171-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 61-cı sırada olduğunu da vurğulayaq.

Ağdam təmsilçisi bu rəqiblə yanvarda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gəlmişdi. Komandamız həmin oyunda 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.

Qeyd edək ki, bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə Kipr “Aris”inin güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.

Azərbaycan və Polşa çempionları arasındakı cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

22:15. “Rakuv” – “Qarabağ”
Baş hakim: Lukas Fandrix (İsveçrə).
Çenstoxova, “Mieyski” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: